HÜQUQİ YARDIMIN GÖSTƏRİLMƏSİ HAQQINDA.

 

1.MÜQAVİLƏNİN PREDMETİ

1.1 Bu müqaviləyə görə şirkət ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürür.

1.2.Şirkətə həvalə edilən tapşırığın qısa  mahiyyəti:

1.3 Azərbaycan Respublikası Qanunlarına və digər qanunvericilik aktlarına zidd olmayan başqa şərtlərə dair razılaşmalar bu Müqavilənin ayrılmaz hissəsi olan müqaviləyə Əlavə ilə müəyyən edilə bilər. Müqaviləyə əlavə müraciət edən şəxs və şirkətin rəhbəri tərəfindən bu müqavilə ilə eyni qaydada təsdiq edildikdən sonra hüquqi qüvvəsini alır.

  1. HÜQUQİ YARDIM HAQQININ MƏBLƏĞİ VƏ ÖDƏNİLMƏ QAYDASI.

2.1.Hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla manatla müəyyən olunur və başqa razılaşma yoxdursa bir qayda olaraq müqavilə bağlandığı vaxtda ödənilir. Hüquqi yardıma görə ödənilən məbləğ şirkətə  həvalə edilən işin haqqıdır və tapşırığın nəticəsindən asılı deyil.

2.2.Tərəflər işin uğurlu həlli nəticəsinə görə bu müqaviləyə Əlavədə nəzərdə tutulan haqqın ödənilməsini və onun həcmini əvvəlcədən müəyyənləşdirə bilərlər. Müqavilə tərəflərinin razılığı ilə göstərilən hüquqi yardımın həcmi, mürəkkəbliyi, icra müddəti, həyata keçiriləcəyi orqan və ya təşkilat nəzərə alınmaqla işin uğurlu həlli nəticəsindən asılı olaraq müraciət edən tərəfindən pul formasında əlavə mükafat ödənilə bilər.

2.3.Bu müqavilənin 2.1-ci bəndində nəzərdə tutulan haqq ödəniləndən sonra şirkət tapşırığın icrasına başlaya bilər. Əgər haqq ödənilmədən şirkət tapşırığın icrasına başlamışsa, icranı dayandırmağa haqlıdır.

2.4.Tapşırığın icrası ilə bağlı şirkətin çəkdiyi və ya çəkməli olduğu xərclər bu müqavilənin 2.1-ci bəndində göstərilən haqqın tərkibinə daxil deyildir. Bu xərclər şirkət əməkdaşının təqdim etdiyi təsdiqedici sənədlər və ya əsaslandırılmış real hesabat əsasında tələb olunduğu tarixdən 3 gün müddətində müraciət edən şəxs tərəfindən şirkətə ödənilməlidir.

2.5.Müraciət edən (və ya hüquqi yardım göstərilən şəxs) bu müqavilə üzrə tapşırığı məhdudlaşdırdıqda, geri götürdükdə, yaxud müqaviləni ləğv etdikdə və ya hüququ yardımdan imtina etdikdə ödənilmiş haqqın yalnız görülməmiş işlərin həcmi məbləğində olan hissəsi geri qaytarıla bilər. Tapşırığın icrası ilə bağlı bu müqavilənin 2.4-cü bəndində nəzərdə tutulmuş xərclər isə şirkətə ödənilməlidir. Şirkət həmin xərcləri görülməmiş işlərin həcmi üçün nəzərdə tutulan məbləğdən çıxmağa haqlıdır.

2.6.Hüquqi yardımla bağlı razılaşdırılmış tapşırığın həcmi və müddəti bu müqavilə bağlandıqdan sonra əhəmiyyətli dərəcədə artdıqda şirket əlavə haqq tələb edə bilər. Haqqın artırılmasına müraciət edən şəxs razılıq vermədiyi halda, şirket tapşırığı əsas müqavilədə nəzərdə tutulmuş həcmdə icra edir.

TƏRƏFLƏRİN    HÜQUQ VƏ VƏZİFƏLƏRİ.

3.Sifarişcinin  hüquq və vəzifələri:

3.1.həvalə edilmiş işin hüquqi perspektivinin izahı, tapşırığın icrasının gedişi barədə, hüquqi yardımın, müdafiənin təşkil edilməsi və həyata keçirilməsinin mümkün hüquqi vasitələri haqqında şirkətdən məlumat almaq;

3.2.tapşırığın icrası başa çatdıqdan sonra işin nəticəsi haqqında şirkətdən yazılı (və ya şifahi) hesabat tələb etmək və şirkət tərəfindən toplanmış, müraciət edənə (və ya hüquqi yardım göstərilən şəxsə) aid zəruri sənədləri qəbzə imza etməklə almaq;

3.3.yazılı qaydada müqavilə üzrə şirkətə verdiyi tapşırıqları məhdudlaşdırmaq, geri götürmək, yaxud müqaviləni ləğv etmək və ya şirkətin xidmətindən imtina etmək;

3.4.tapşırığın icrası üçün zəruri əhəmiyyəti olan sənədləri və məlumatları şifahi və ya yazılı qaydada vaxtında şirkətə təqdim etmək;

3.5.həqiqətə uyğun olmayan sənədlərin və məlumatların verilməsinə, tapşırığın icrası üçün zəruri olan sənədlərin və məlumatların verilməməsinə və ya vaxtında verilməməsinə görə yaranmış nəticələr üçün məsuliyyət daşımaq;

3.6.hüquqi yardıma görə haqqı və tapşırığın icrası ilə əlaqədar şirkətin çəkdiyi və ya çəkməli olduğu xərcləri müqavilədə (və ya Əlavədə) nəzərdə tutulmuş qaydada və müddətdə ödəmək.

3.7.Şirkət tərəfindən təqdim olunmuş və bu müqavilənin icrası ilə bağlı müraciət edənə məlum olan məlumatları, kommersiya və digər sirləri qorumaq, üçüncü şəxslərə verməmək və şirkətin fəaliyyətinə ziyan vura biləcək hər hansı digər formada istifadə etməmək.

  1. 4. Şirkətin hüquq və vəzifələri:

4.1. Bu müqavilə ilə müəyyən edilmiş xidmətləri Sifarişçinin tövsiyələrinin nəzərə almaqla, təqdim edilmiş zəruri sənədləri öyrənib, məlumatları, sübutlari toplayıb təhlil etmək, Azərbaycan Respublikasının qüvvədə olan qanuvericiliyin tələblərinə uyğun şəkildə və peşəkar səviyyədə, mübahisənin mahiyyəti üzrə müsbət nəticə əldə etmək məqsəqdilə ümümi hüquqi strategiyanı müəyyənləşdirmək, zəruri hallarda mütəxəssislərin və ya ekspertlərin cəlb edilməsini təmin etmək, Sifarişçiyə müvafiq məsləhətlər və izahlar verməklə işin baxılma mərhələləri üzrə qanunda nəzərdə tutulmuş digər tədbirləri həyata keçirmək, Şirkətlə əməkdaşlıq edən vəkillər vasitəsi ilə  Azərbaycan Respublikasının dövlət və qeyri-dövlət, bütün məhkəmə və məhkəmə aktlarının icra orqanlarında təmsil etmək;

4.2. Sifarişçinin hüquqlarının pozulmasına səbəb olmuş əməllərdə cinayət tərkibinin əlamətləri olduğu halda onun hüquqlarının cinayət təqibinin aparılması üçün hüquqi xidmət göstərmək və aidiyyati orqanlara müraciət hazırlamaq;

4.3. Sifarişçinin hüquqlarının pozulması mülki və ya inzibati hüquqla əlaqəli olduqda, Sifarişçinin hüquqlarının müdafiəsi ilə bağlı müvafiq dövlət və qeyri-dövlət, məhkəmə və məhkəmə aktlarının icra orqanlarına iddia ərizəsi, ərizə, müraciət, şikayət, və sair hüquqi sənədləri hazırlamaq və həmin orqanlarda təmsil etmək;

4.4. Sifarişçiyə inzibati xəta ilə bağlı cərimə tətbiq edildikdə, Sifarişçinin hüquqlarının müdafiəsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş zəruri müdafiə tədbirlərin həyata keçirilməsi üçün müvafiq sənədləri tərtib etmək;

4.5. Bu müqavilə əsasında əldə edilən və «Sifarişçi»nin kommersiya və bank sirrini təşkil edən məlumatların konfidensiallığını qorumaq.

4.6. Hüquqi yardıma dair tapşırığın arzu olunan nəticəsinə vəd vermədən vicdanla icra etmək və bu zaman Sifarişcinin qanuni mənafelərinin müdafiəsi üçün mümkün zəruri tədbirlər görmək;

4.7. Sifarişcinin maraqlarına zidd və hüquqlarının həyata keçirilməsinə mane olan hər hansı hərəkət etməməklə, həvalə edilən tapşırığı icra edərkən qanunvericiliklə qadağan edilməyən və etika qaydalarına zidd olmayan bütün üsul və vasitələrdən istifadə etmək;

4.8. Sifarişcinin tələbi ilə şirkətin müəyyən etdiyi vaxtda ona tapşırığın icrasının gedişi haqqında məlumat və icradan sonra yazılı və ya şifahi hesabat vermək;

4.9. Sifarişci tərəfindən ona verilmiş məlumatların, sənədlərin, habelə aparılan söhbət və məsləhətləşmələrin  bu müqavilənin bağlandığı andan gizli saxlanmasını və yayılmamasını təmin etmək, onlardan hər hansı başqa şəxslərin və ya özünün mənafeyi üçün istifadə etməmək;

4.10. Şirkət  Sifarişci tərəfindən həqiqətə uyğun olmayan sənədlərin və məlumatların verilməsi, yaxud tapşırığın icrası üçün zəruri olan sənədlərin, məlumatların verilməməsi və ya vaxtında verilməməsi üçün yaranmış nəticələrə görə məsuliyyət daşımamaq;

4.11. Qanun pozuntusuna yol verməsi nəticəsində müdafiə olunan, yaxud təmsil edilən şəxsin əmlakına bilavasitə zərər vurduqda maddi məsuliyyət daşımaq;

  1. Qurumun rəhbərinin hüquq və vəzifələri:

5.1.müraciət edənin şəxsiyyətini, hüquqi yardım göstəriləcək şəxslə münasibətini müəyyən etmək;

5.2.müqavilə bağlanması ilə əlaqədar ona məlum olan məlumatları yaymamaq;

5.3. Bu Müqavilə ilə nəzərdə tutulan xidmətlərin göstərilməsini öz mülahizələrinə əsasən təyin etdiyi əməkdaşa həvalə etmək və yaxud üçüncü şəxslərə tapşırıq vermək, bunula bağlı Sifarişçidən sonuncunun səlahiyyətini təsdiq edən etibarnamənin verilməsini tələb etmək;

5.4.müraciət edən şəxsin hüquqlarını məhkəmələrdə müdafiə etmək zərurəti yarandıqda şirkətlə əməkdaşlıq edən vəkilləri təqdim etmək və vəkillə müqavilə bağlanmasını tövsiyə etmək.

5.5.müqavilə üzrə daxil olmuş pul vəsaitinin müəyyən edilmiş qaydada və müddətdə qurumun  bank hesabına köçürülməsini təmin etmək.

  1. Tərəflər bu müqavilədən, qanunvericilikdən və tapşırığın mahiyyətindən irəli gələn sair hüquqlara malikdirlər və vəzifələr daşıyırlar.

 

7.YEKUN MÜDDƏALAR

7.1.Tərəflər arasında bu müqavilə ilə tənzimlənməyən münasibətlər  Azərbaycan Respublikası Qanunları və qüvvədə olan digər qanunvericilik aktları ilə tənzimlənir.

7.2.Bu müqavilə tərəflərin imzaladığı və təsdiq etdiyi vaxtdan qüvvəyə minir və bir qayda olaraq  həvalə edilmiş tapşırıq üzrə  işin xarakterindən asılı olaraq tapşırıq icra edildiyi vaxtadək və ya müqavilə ilə müəyyən edilmiş müddətədək qüvvədədir.

7.3.Müqavilə (və müqaviləyə Əlavə) azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik olan 2 (iki) nüsxədə tərtib edlir, bir nüsxəsi şirkətdə  saxlanılır, bir nüsxəsi isə müraciət edən şəxsə (nümayəndəyə) təqdim edilir.

7.4.Müraciət edən şəxs təsdiq edir ki, bu müqavilənin bütün şərtlərilə tanış olmuş, həvalə etdiyi işin hüquqi prespektivi, bu tapşırığın icra edilməsinin onun üçün doğura biləcəyi ehtimal edilən bütün risklər şirkət tərəfindən ona izah edilmiş,  işin uğurlu nəticəsinə dair ona vəd verilməmiş və bundan sonra tərəflər qarşılıqlı surətdə razılığa gələrək bu müqaviləni bağlamışlar.

7.5.Tərəflər müqavilə şərtlərinin onlara tam aydın olduğunu və həmin şərtlərin onların həqiqi iradəsini ifadə etdiyini öz imzaları ilə təsdiq edirlər.

Sifarişci :         ______________________________________________________                                                          (imza)   ( adı soyadı)

 

” Prosecutors-Qayğı “ Hüquq və Təhsil konsaltinq şirkəti MMC-nin

direktoru

Dil »